Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Karlton Universitetinin tələbələri qarşısındatəqdimatla çıxış etmişdir
2016-cı il noyabrın 23-də Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Kanadanın Karlton Universitetinin tələbələri qarşısında Azərbaycan ilə bağlı məlumat xarakterli təqdimatla çıxış etmişdir.
Təqdimat 2016-cı ilin payız semestrində Karlton Universitetində tədris olunan “Qafqaz və Xəzər hövzəsində siyasət” adlı dərs proqramı çərçivəsində təşkil edilmişdir. Təqdimat Karlton Universitetinin siyasi elmlər fakütəsi, eləcə də Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun həm bakalavr, həm də magistr pilləsində təhsil alan 20-dən çox tələbənin qarşısında baş tutmuşdur.
Təqdimat çərçivəsində kanadalı tələbələrə Azərbaycanın tarixi, Azərbaycan Xalq Cumhuriyyəti, Qanlı Yanvar hadisələri, ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən enerji layihələri, son illərdə ölkə iqtisadiyatında əldə olunan nailiyyətlər, həmçinin Kanada və Azərbaycan arasında ikitərəfli münasibətlər barədə ətraflı məlumat verilmişdir. Bundan başqa, təqdimatda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulmuş və kanadalı tələbələr Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə üzrə qətnamələri, eləcə də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası barədə məlumatlandırılmışdır.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılmışdır.