Ümumi məlumat

Notariat hərəkətlərinin aparılma yeri

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətləri konsullar üçün müəyyən olunmuş müvafiq binada və ya otaqda aparılmalıdır.

Xəstəlik nəticəsində, əlilliklə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda, şəxsin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətlərinin aparılması üçün müəyyən olunmuş müvafiq binaya və ya otağa gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binadan və ya otaqdan kənarda da aparılır.

Notariat hərəkətlərinin aparılması üçün zəruri sənədlərə dair tələblər

Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.

Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisənin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

Sənədlərin imzalanması

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər konsulun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.

Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya bilər. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, konsul ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.

Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kar, kor, kar-lal və ya savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında səlahiyyətli vəzifəli şəxslər – konsullar aşağıdakı notariat hərəkətlərini aparır:

1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

8) şəxsin sağ olması faktını təsdiq edir;

9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;

13) icra qeydləri aparır;

14) sənədləri saxlanmaq üçün qəbul edir;

15) dəniz protestləri tərtib edir;

16) sübutları təmin edir.

 “MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

Arxiv üzrə axtarış