Mədəniyyət və idman vizası
Mədəniyyət və idman vizası Azərbaycan Respublikasında keçirilən mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Tələb olunan sənədlər
1. Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər)
2. Pasport (əsli və surəti)
- Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
- Kanada vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi (PR card) təqdim etməsi vacibdir.
3. İki ədəd 3x4 ölçülü fotoşəkil
- Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir.
4. Dəvət edən tərəfin vəsatəti
- Azərbaycana əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi vasitəsilə göndərilməlidir. Vəsatət Konsulluq idarəsi tərəfindən müvafiq qaydada təsdiq olunmalıdır.
- Əlavə məlumat üçün dəvət edən tərəf Konsulluq idarəsi ilə əlaqə saxlaya bilər. Ünvan: Şıxəli Qurbanov küç. 50, Bakı AZ1009. Əlaqə nömrəsi: +994507600663.
5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Kanada vətəndaşları 350 ABŞ dolları konsulluq rüsumunu yalnız "money order" şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq şöbəsinə təqdim etməlidirlər (Pay to the order of: Embassy of the Republic of Azerbaijan). DİQQƏT: ScotiaBank tərəfindən verilmiş "money order" Səfirlik tərəfindən qəbul olunmur. Digər ölkə vətəndaşları üçün bax
6. Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti
- Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.
- Aşağıda qeyd olunan kateqoriyalardan olan şəxslərdən tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənəd tələb olunmur:
- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən onların ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd əsasında.
- Diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları) – müvafiq təsdiqedici sənədlər əsasında.
Müraciət forması
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
- Səfirliyin Konsulluq şöbəsi viza müraciətlərini yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi - prepaid envelope - (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakı ünvana göndərin:
Embassy of Azerbaijan
275 Slater Street, Suite 1203
Ottawa, Ontario K1P 5H9
- Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd/məlumat istəmə hüququnu özündə saxlayır.
- Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq