2016-05-17
Kanadada türkdilli xalqların adət-ənənələrinə həsr olunmuş festival keçirilib

Monreal şəhərində türkdilli xalqların adət-ənənələrinin Kanadada tanıdılması məqsədilə “Novruz” adlı festival keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan və Qazaxıstan səfirliklərinin təmsilçiləri, Kanada irs nazirinin müavini, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, bu ölkədə yaşayan türkdilli xalqların nümayəndələri iştirak ediblər.

Əvvəlcə türkdilli xalqların özünəməxsus adətləri barədə məlumat verilib və videoçarxlar nümayiş olunub. Sonra Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev çıxış edərək festivalı Kanada multikulturalizminin təzahürü kimi səciyyələndirib. Bildirib ki, Novruzun əsas fəlsəfəsi xalqlar və mədəniyyətlər arasında körpü və dialoq yaratmaqdır. Elə buna görə, Novruz bayramı Azərbaycanda və digər ölkələrdə çox sevilir.

Festivalda Kanadada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin və “Vətən” Azərbaycan incəsənət və mədəniyyət mərkəzinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Onların ifasında Azərbaycan xalq mahnıları və rəqsləri təqdim olunub.

 

növbəti xəbər əvvəlki xəbər