Konsulluq qeydiyyatı
Tövsiyə etmək istərdik ki, Kanadada daimi və ya müvəqqəti yaşayan və ya həmin ölkəyə səfər edən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğunda konsulluq qeydiyyatından keçsinlər.

Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına götürülməsində əsas məqsəd konsulluq əməkdaşlarının həmvətənlilərimizə aşağıda qeyd olunan yardımın göstərilməsidir:

- Azərbaycan Respublikasından kənarda olan zaman həmvətənlilərimizlə əlaqə saxlamaq, təxirəsalınmaz hallarda onlara konsulluq yardımı göstərmək;

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların Azərbaycan Respublikasına geri qayıtmasını
asanlaşdırmaq;

- Kanada və ya xarici ölkə daxilində immiqrasiya məsələləri ilə bağlı digər hüquqi və konsulluq yardımını göstərmək;

- Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq, Azərbaycanda baş verən hadisələr və xəbərlərlə tanış etmək. Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları (həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin surətləri Səfirliyə təqdim edilməlidir) valideynlərindən birinin uçot vərəqəsində qeyd olunur. Kanadada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyə təqdim etməlidirlər:

1. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”;

2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;

3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;

4. Azərbaycan Respublikası vətəndaşının Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Üç aydan çox müddətə Kanadada işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) Kanadaya səfər etmiş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Kanadadakı Səfirliyində uçota alınırlar.
Kanadada müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Kanadadakı Səfirliyə təqdim etməlidirlər:

1. Doldurulmuş “Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi”;

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;

3. Azərbaycan Respublikası vətəndaşının Kanadada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti. Sənədlərin poçt vasitəsi ilə göndərildiyi halda sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Prepaid envelope). Xahiş edirik nəzərə alasınız ki, Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.