2016-10-18
2016-cı il oktyabrın 17-də Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün 25 illiyi münasibətilə tədbir təşkil edilmişdir.

Mərasimdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçdiyini deyərək, tədbir iştirakçılarına müstəqilliyini bərpa etməsi istiqamətində Azərbaycanın keçdiyi məşəqqətli yol barədə məlumat vermiş və bildirmişdir ki, xalqımız ağır sınaqlardan keçdikdən, yüzlərlə şəhid verdikdən sonra bugünkü müstəqilliyini bərpa etməyə müyəssər olmuşdur.

R.Hüseynli 1990-cı il 20 yanvar hadisələrinə toxunaraq, həmin anların xalqımızın yaddaşına əbədi olaraq həkk olunduğunu, bu günün ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulamışdır. Eyni zamanda Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətlərinə diqqət çəkilmişdir.

Sonda qeyd edilmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

növbəti xəbər əvvəlki xəbər